"Yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın ordan başlayıb".
PİA.az xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, çağırışdan 9 dəqiqə sonra ilk yanğınsöndürən maşın hadisə yerinə çatıb. Yanğının miqyası nəzərə alınaraq helikopterlər cəlb olunub.
"Azərsun Sənaye Parkı”nda yanğın 5 min kvadrat metr ərazini əhatə edib. Hazırda 4 min kv. metr ərazidə yanğın söndürülüb: "Bu, müəssisənin müşahidə kameralarının videogörüntülərində də var. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən başlanmış cinayət işində bəzi istintaq sirləri olduğundan hər məlumatı deyə bilməyəcəm. İstintaqın gedişi barəsində Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumat veriləcək".
K.Heydərov əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin və texnikasının cəlb edildiyini bildirib: "Hadisə ciddi olduğuna görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məlumat verilmişdir. Mütəmadi olaraq onlara yanğın söndürmənin gedişatı haqda məlumat verilmişdir. Bir neçə dəqiqə bundan əvvəl sonuncu məlumat verilib".
K.Heydərov bildirib ki, hadisə sakinlər arasında narahatlıq yaradıb. O, yanan obyektlərin qida anbarları olduğunu diqqətə çatdırıb.
***
Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.
Əlavə məlumat veriləcək.
***
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın davam edir.
APA-nın yerli müxbirinin veridiyi məlumata görə, hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə 2 helikopter cəlb edilib.
***
"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.
Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Fotolar
pia.az